Boş qalmayan YURD yerləri| Onlar dünyanın ən bahalı malikanəsindən daha qiymətlidir - REPORTAJ (FOTOLAR)

2023/08/35-5077302117.jpg
Oxunub: 3348     12:36     19 Avqust 2023    
Yurd yeri boş qalmır deyiblər. Xalqımızın dilində deyilən bu deyim həm də insanlarda gələcəyə olan ümidin təsəllisi və inamın möhkəmliyi kimi qəbul edilir. Bu gün işğaldan azad edilən ərazilərinizə köçən hər bir sakinimiz ilk olaraq öz ata – baba yurdunu ziyarət edir. Viran qalan yurd yerlərinə öz isti nəfəslərilə “can” verməyə çalışırlar.

Laçın rayonu kəndlərində bu gün bu canlanma hər gün bir az da artır. Rayonun Qorçu kənd sakinləridə öz ata-baba yurdlarında məskən salıblar.

Ordu.az olaraq Qorçuda qonağı olduğu ailənin YURD sevincini sizlərə çatdırır.


Laçın rayon ərazisinin hər bir qarışında canlanmanın şahidi oluruq. Bu təkcə quruculuq işlərində deyil, dağlara yayılan mal-heyvanın mələşməsi, bir neçə kilometrdən bir yamaclarda qoyulan arı yeşikləri, insanların əllərində ağac əsl kənd həyatını yaşamasından da özünü göstərir.

Rayon mərkəzindən 40-45 kilometr uzaqda olan Qorçu kəndinə gedirik. Dağların ətəyində olan Qorçu kəndi yerləşdiyi coğrafi mövqeyinə görə də seçilib. Yuxarıdan baxanda dərə boyunda yerləşən kənddə qalxan tüstü, ətrafda gəzən insanlar, bir-birini haraylayan insanların səsi, kəndin öz doğma sakinlərinə isti qucaq açmasının xəbərçisidir. Kəndin içərisində bizi qarşılayan Xəqani Qədimalıyev öz ata evinə dəvət edir bizi. Ata yurdu barədə bir az məlumat verərək həyətlərində bir vaxtlar olan tikililərin yerini göstərir. Bir ev, bir neçə yardımçı tikilidən geriyə evlərinin iki divarı qalıb.

Xəqani Qədimalıyev: “İşğalda olan müddət ərzində ermənilər evlərimizi tamamilə dağıdıblar. Bu kəndin içərisinə ilk günlər gələndə adamı vahimə basırdı. Təkcə bizim həyətdə 5 ayrı-ayrı tikili varıydı. Mal-qara, qoyun keçi, toyuq-cücənin saxlanc yerləri biri-birindən aralı tikilmişdi. Əlavə olaraq evimizə bitişik ehtiyat ərzaqlarımızı saxlamaq üçün saxlanc yerimiz də varıydı. İndi o boyda tikililərdən geriyə evimizin bu iki divarı qalıb”.


Hadisələrin ilk cərəyan etdiyi günlərdən başlayaraq ermənilərin kəndə olan ara- sıra hücumlarından danışan Xəqani Qədimalıyev bəzi qüvvələr tərəfindən kəndin tərkisilah edildiyini ürək ağrısıyla xatırladığını ifadə edib:

“Bizim kənddən heç kim çıxmırdı. Hamı elə düşünürdü ki, dövlətin köməyi və dəstəyi olacaq. O zamankı durumda kim nə qərar verəcəyini bilmirdi. Kəndin müdafiəsi üçün ilk günlərdən silahlı dəstələr yaratmaq təşəbbüsünü hamı müsbət qarşıladı. Kəndin bir neçə istiqamətində olan yüksəklikdə postlarımız varıydı. Amma bir müddət sonra, o vaxtkı milis idarəsindən nümayəndələr gələrək evlərdə axtarışlar apardılar. Əvvəl nə olduğunu bilmədik. Bir neçə dəqiqə sonra, evlərdən bir-bir ov tüfənglərinin yığılması axtarışın əsas səbəbinin bəlli etdi. Kənd adamlarının əlindən silahların alınması başa düşülən deyildi. Sonra dedilər ki, bəs tapşırıq yuxarıdan gəlib. Siz təsəvvür edin, gözümüzün qarşısında ermənilər hər gün o vaxtın müasir silahlarıyla silahlandırılır, bizdə olan o tüfəndləri isə yığılaraq düşmən qarşısında əli yalın qoyulurdu. Bundan duyuq düşən bəzi sakinlər varıydı ki, silahlarını gizlətməyə nail olmuşdular. Axtarışdan sonra kəndin qarşı tərəfindəki meşəlik ərazidə aparıb basdırdılar. Necə xəbər tutulmuşdu hələ də bizə qaranlıqdır, amma, sabahı gün həmin basdırılan silahların da çıxarılaraq oğurlandığını gördük. Kənd sakinləri demək olar ki, təsərrüfatda işlətdikləri kəsici alətlərin ümidinə qalımışdı. Biri yaba götürüb, biri kərənti götürüb, avtomat önündə bu cür silahlanmışdı. Yoxsa inanın ki, silahımız olsaydı, bu kənddən heç kim çıxmaq istəmirdi. Sonra polislər bizə məlumat verdilər ki, haklimiyyət yox dərəcəsindədir. Mümkün deyil ki, sən yabayla, baltayla erməninin qabağına gedəsən”.


30 illik həsrət, dağıdılan evlər, boş qalmayan YURD YERİ

Laçın rayonu Qorçu kənd sakinləri artıq iki ildir ki, yay mövsümündə öz təsərrüfatlarını doğma kəndlərinə gətirirlər. Deyirlər ki, yenidən öz doğma kəndlərində yaşamağın sevinci sanki ömürlərini uzadıb. Evlərinin həyətində qurduqları alaçıq, indi onlar üçün, dünyanın ən bahalı malikanəsindən daha qiymətlidir. Kənddən çıxanda qoyub getdikləri evlərin daş-divarları olmasa da, yurd yerlərində yaşamaları tək təsəlliləridir.

Gülbəniz Qədimalıyeva deyir ki, məcburi köçkün illərində çox yerlərdə olsalar da, Laçın dağlarına olan bağlılıqlarını o yerlərdə ala bilməyiblər.

Gülbəniz Qədimalıyeva: “Biz Rusiyada da yaşadıq, Bakıda da yaşadıq. Azərbaycanın çox yerlərini gəzdik. Sanki, bu dağları axtardıq, amma heç yerdə bir açılan səhəri bu 30 ildə tapmadıq və görmədik. Düzdür, Azərbaycanın hər bir diyarı bizim üçün vətəndir. Amma doğulduğum torpaq, yaşadığın yer, öz ana vətənin, öz kəndim ayrı bir şeydir. 17 yaşımda burdan qaçqın getmişəm. 31 il tamam oldu, gəldik. Çox sevinirik, gəzirik, görürük hər tərəfi. Kəndimizi yer üzündən siliblər. Amma bu yertlərdə olan xatirələri bizim yaddaşımızdan silə bilməzlər. İndi kəndimizi yenidən qurmaq-yaratmaq üçün yaşayırıq. İlk işimizdə Vətən uğrunda şəhid olan igidlərimizin adının əbədiləşdiriləməsi üçün, kəndimizdə bir abidə tikmək niyyətimiz var”.


Qorçu kənd sakinləri kəndin işğal gününə qədər olan yaşamlarını, nəinki unutmadılar, əksinə o çətin zamanlarda başlarına gətirilən olayları köçkünlükdə doğulan uşaqlarına belə nağıl edərək onlara əsl düşmənlərinin kim olduğunu bildiriblər. Qorçu sakinləri deyir ki, Qarabağ hadisələri başlayandan kəndlərinin işğalına qədər, hər gün onları erməni əlinə necə “qurban” verdikləri günü heç bir zaman yaddan çxarmadılar. Əsrlər boyu erməni-rus qardaşlığının başımız altına qoyduğu yumşaq yasdığın qəflət yuxusu gözümüz qarşısında cərəyan edən prosesləri təhlil etməyə imkan verməyib. Qaynamaqda olan və hər dəqiqəsi ölüm qoxusu gələn proseslərin fonunda sovet rejimi bir tərəfin təpədən dırnağa silahlanmasına göz yumur, digər tərəfin isə əllərində olan ov tüfənglərini erməniyə atılmasın deyə yığıblar. İndi dağılan yurd yerlərində əyləşən laçınlılar o acı günlərini acı göz yaşlarıyla xatırlayırlar. Lakin artıq doğma ocaq sevincini yaşayaraq o acı xatirələri qurub-yaratmaq, yaşayıb-yaşatmaq eşqindədirlər. İndi, kənddə cəmi bir neçə yarımçıq tikili qalsa da, kəndlərinin yenidən inşa ediləcəyi və Qorçunun o axarlı-baxarlı günlərinin daha şən və möhtəşəm olacağı anları səbrsizliklə gözləyirlər. Hətta iddia edirlər ki, əgər icazə verilsə, yaylaq mövsümü başa çatandan sonra da, kəndlərində qurduqları çadırlarda qalaraq kəndi doğma nəfəslərilə isitmək istəyirlər.


Daşqın Güneyli, Laçın – Qorçu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Laçın   Qorçu  


Bizi "telegram"da izləyin